Thursday, February 23, 2012

Kenyadakı Meymun

Kenyada ilk günümüzdür, uzun uçuşlardan sonra yorğunuq. Hoteldə yerləşib uzanmışıq. Birdən mama balkonda meymun gördü. Yataqdan hoppanıb durdu ki, "aaaa, meymun!" Tez aeroportda aldığı sendviçi çıxartdı, meymuna yedizdirmək istəyirdi. Mama nə qədər çalışdı, meymun gəlib onun əlindən yemədi, ancaq yerə qoyanda gəlib götürüb yeyirdi. Mama meymunla nə qədər danışdısa (!), meymundan onun yanına gəlməyi xahiş elədisə (özü də azərbaycanca!!!), meymun mamanın əlindən çörək götürmədi. Mama da hirslənib meymuna belə cəza verdi. Çörəyi qoydu şüşə qapıdan içəriyə, meymun da çörəyin çöldə olduğunu zənn edib onu nə qədər götürməyə çalışdısa alınmırdı... Mama da keflə kravatda uzanıb meymundan revanşın ləzzətli səhnəsini seyr edərək meymuna deyirdi "Yaxşı oldu indi sənə!" Mənsə təbii ki, bu səhnəni zpvqlə seyr edirdim....

Monday, February 20, 2012

İrandakı gülsatan

İranda olanda tıxacda maşında oturmuşuq. Bir oğlan da yolda gəzib gül satır. Mama pəncərəni salıb oğlanı çağırdı. Oğlan sevinə-sevinə gəldi ki, müştəri çıxıb. Mama dedi:
- O gülü yaxınlaşdır görüm.
Oğlan böyük buket qızılgülləri pəncərəyə yaxınlaşdırdı. Mama başını çıxarıb gülü dərin bir nəfəslə iylədi:
- Bəh bəh bəh! Hə, çox sağ ol, indi get.
Oğlan çaşdı qaldı.
Mamadan indini yaşamağı öyrənmişəm. Başqalarının nə düşünməsindən asılı olmayaraq istədiyini etməyi öyrənmişəm. Hər xırda şeydən zövq almağı öyrənmişəm. Mamadan yaşamağı öyrənmişəm...

Toyota qızım

Mən hər dəfə çətinliyə düşəndə, ya nəsə problem çıxanda mama köməyə gəlirdi: çoxlu dəstək sözləri ilə, ruhlandırıcı məsləhətləri ilə. Həmişə də deyirdi "Şəbi, boşver eee, düzələcək, gör nəyi problem eləyirsən! Sən böyük insansan, belə xırda şeylərə ilişmə". O dəqiqə rahatlanırdım, özümü div kimi hiss eləyirdim. Elə çətinliyə düşən vaxtlarımın birində mamanın mənə yazdığı emaildən bir hissə: "Sen menim olmazlari olan etmede rekorlar qiran qizimsan! Bacaracaqsan!!!!! menim qizim Toyota kimi adam!!" Bu emaildən sonra mümkünsüzü etdim və istədiyimə çatdım. Məhz bu emaildən sonra... :) O mənə inanırdı deyə mən də özümə inanırdım...

Uşaqlarınıza yalan deməyin....

Mama bizə həmişə bağışlamağı öyrədirdi. Başqalarını bağışlamağı və unutmağı... O həmişə deyirdi ki, ondan da daha vacib özünü bağışlamağı bacarmaqdır... Amma mən hələ də özümü bağışlaya bilmirəm... Çox çalışdım, alınmadı. Mən mama əməliyyata girməzdən qabaq onun yanında olmalıydım, amma mən orda olmadım. Anamın mənə ən çox ehtiyacı olduğu vaxtda, həyatının son günlərində yanında ola bilmədim...O əməliyyata girən gün mənim məzun günü törənim var idi, o istədi ki, mən məzun gününə qatılım, ona görə də əməliyyat tarixini mənə yalan dedi. Mən öyrənəndə ki, mama səhərisi gün əməliyyata girir, təcili biletimi dəyişib Türkiyəyə uçdum, amma o artıq əməliyyata girirdi. İstanbuldan Ankaraya gedirdim. Mamaya Türkiyədə olduğumu demədik ki, narahat olmasın... Bu yazını kimsə oxuyacaqsa onlara deyirəm - övladlarınıza heç vaxt yalan deməyin. Çünki sonra onlar ömür boyu əzab çəkə bilərlər... mənim kimi........