Tuesday, June 26, 2012

Mamanın mənə yazdığı Amerika məktubu

Mən 2006-cı ildə Amerikaya gedəndə mama bir bloknota bütün dostlarıma yazı yazdırmışdı. İlk məktubu da özü yazmışdı. 

"Mənə dünyanın ən böyük səadətini - Analığı ilkin daddıran ağıllı, gözəl qızım - Şəbişim. Sən mənə Tanrının ilk ən böyük mükafatı olmusan və gəlişinlə dünya boyda sevinclər yaşatmısan mənə - gözəlliyinlə, sağlamlığınla, ağlınla, tərbiyənlə, qayğınla, sevginlə, uğurlarınla...
Bu bizim ilk 10 aylıq ayrılığımız olsa da qəlbim tam rahatdır. Bilirəm ki, Tanrı həmişə başının üstündə, dualarım mələklərlə bərabər qoruğundadır! (Bunu hər zaman hiss edəcəksən!) Və internet, telefon həmişə aramızda olacaq. Elə bil ki, yanımızdasan.
10 ay nədi ki...
Amma həm də 10 ay bilirsən nədi? Bütün sonrakı xoşbəxt həyatınçün vasitə olacaq etap. Bu 10 ayda yığdığın imic sonra illərlə sənə divident gətirəcək. Hər vaxt, hər bir situasiyada hər zaman əmin ol ki, uğur, xeyir səninlədir (istisnasız olaraq). Sənin uğur hesab etmədiyin vəziyyətdə də əmin ol ki, uğur mütləq var... və bəlkə də ən xeyirlisi elə bu imiş.
Həmişə yadında saxla ki, Tanrı səni sevir və səni xoşbəxtlik üçün yaradıb. Bu sevginin hər yaşadığın anında görməyi, dəyərləndirməyi bacar və Tanrıya minnətdar ol.
Yadinda olsun ki, ən vacib şey - can sağlığındır. Ən yaxşı, ən xeyirli qidaları seç (qiymətindən asılı olmayaraq). İstirahətini, yuxunu, yüksək əhval-ruhiyyədə olmağı düzgün tənzimlə.
Sənin əxlaqi yüksəkliyinə əmin olduğum üçün və dərslərə diqqətli olacağına inandığım üçün çox yazmıram. O işlərdən ki, sonunda zövq alacaqsan, o işlər heç səni yormayacaq da, bil.
Həyata keçməsi mümkün olmayan ideya yoxdur. Ən uzağı bu ideya fantaziyadır - yəni həyata keçməsinə sadəcə illər gərəkdi. Səninsə məqsədin çox asan, çox uğurlu, çox tez həyata keçən proyektləri reallaşdırmaqdır ki, bunu da asan və ləzzətlə edəcəksən. Əminəm.
Və bir neçə məsləhətim
- Hər sabah oyananda Tanrıya bu gözəl gün üçün minnətdarlıq et və həmin gündən alacağın sevinclər üçün hazır olduğunu bildir. Hər axşam günün uğurları üçün minnətdarlıq et və sabaha dualar yolla.
-Bil ki, bütün arzular əl yetən, bütün məqsədlər reallaşandır. Sadəcə istə, ARZULA və İNAN! İNAN və hər istəyin nə qədər asan və tez həyata keçdiyinə təəccüblənəcəksən.
- Dünyanın əm gözəl, ən yaxşı, başqalarının əlçatmaz hesab etdiyi qiymətli şeyləri sənin olacağına inanaraq arzula və ürəkdən istə!
- Xırda, mənasız, boş fikirlər, həyəcanlar sənlik deyil. Qoy onlar kimin fikirlərində dolaşır onların olsun.
-Yalnız və istisnasız olaraq pozitiv düşün. Düşüncən nədirsə, sən də osan. Xeyirə danış. Mənfi sözü, yazını, fikiri başqaları deyəndə belə eşitməməyə çalış. Başqalarına aid uğursuzluqları da düşüncəndən uzaq tut. Və uğur, xoşbəxtlik, sevinc həmişə səninlədir.
- Daim və hər şeyə görə Tanrıya şükür et! (Çünki bütün uğurlarında Tanrının köməyi var.) Şükür duaları möcüzələr yaradır.
Və nəhayət bu dəftərdəki yazılar burdan apardığın paltarlar kimidir, xoşun gəlməyəni cır at. Hansılarısa sonacan saxla. Amma əsas odur ki, boş səhifələri burda lazımın olacaq yaxşı xatirələrlə doldur (ABŞ-dan alınan paltarlar kimi). Sənə uğurlar!!!
Özündən muğayat ol!
Səninçün Tanrıya daim duaçı olan və sevən Mama - MKo
07.08.06  04.30"

Thursday, March 15, 2012

Məhəmməddən...

Menim Mehriban xalam hemishe uzu guler idi. Hec vaxt hec neye gore uzulmezdi, belke de uzulerdi, amma bizi o qeder chox isteyirdi ki biz uzulmeyek deye kederini, qussesini daim gizlederdi. Shebnemle men 2006-ci ilde Amerikaya yollandiq. Ilk defe evden, ailemizden, dostlarimizdan uzaq qaldiq. Gunlerimiz xosh kechirdi. Ureyimiz sixilanda, chetinliye dushende ise Mehri xala hamimiza destek olurdu. Bir defe kefim yox idi, msnde Mehri xala ehvalimi sorushdu, kefsiz oldugumu gorub mene bu mektubu yazdi:

salam, Qadasi. Ne var, ne yox teze?:)
>shebiye 1 anekdot yazdim msn-de, hayifdi da o boyda yazmisham, qoy saa da
>gonderim:)

ay da qoy 1 anekdot danishim Cepish, ishde bu gun Serqey danishib.. demeli padshahin dostu olur... her yere 1 yerde gediller ve ne olsa dostu deyir, yaxshi ki, bele oldu...shahin da xoshu gelir ki, optimistdi bu. 1 gun ovda gulle deyir padshahin bash barmaqina, barmaq uzulur, qan aparir shahi. dostu der, yaxshi ki, bele oldu.. shah hirslenir, bunu atdirir zindana. 1 il kecir yene ova gedir, amma tek... adamyeyenler bunu tutub baqlayillar aqaca ki, yesinler,.. ha yalvarir ki, size ne istesez verim, meni buraxin,.. deller yox e e e axir ki yemek isteyende goruller barmaqinin 1-i yoxdu, deyirler, yox, yaramadin bize, biz yalniz butov olani yeyirik, shikesti yox, acib bunu buraxillar...

shah anlayir ki, dostunun sozunde heqiqet varmish. goz yashi icerisinde gelir ve tez enir zindana,, gorur dostu ariqlamish, pis gunde... qucaqlayir ki, baqishla meni, sene zulm eledim, amma sen duz demisen yaxshisi bu imish ki, gulle menim barmaqimi apardi, zad... dosti der, yaxshi ki, bele oldu... shah der, neyi yaxshidi bunun, 1 il it zulumu yashadin... der, yox, bele olmasaydi, ova sennen getmishdim indi ve yamyamlar seni buraxib meni coxdan yemishdiler uje....:))))
gul bir az:)
MKo (MKo - Mishka Kosolapiy deməkdir, mən mamanı 2006-da belə çağırırdım, o da nikinə uyğun özünə belə imza götürmüşdü. Şəbnəm)

bu qeder pozitiv, her ishde xeyr gormeyi bacaran insan idi Mehri xala. Ondan oyrendiyim en onemli shey uzulmek uchun behane axtarmaqdansa sevinmek uchun sebeb axtar prinsipidir.

Bu mektubun dalinca:

" haha, chox sagolun, guldurduz meni" yazdim.

Sizce o bu mesaja ne cavab yazdi?

"sen de saq ol:)
ISTESEN SOL DA OLA BILERSEN:)"

Bax bu qeder shen, hazircavab ve sedaqetli bir dost idi Mehriban xala.

Afaq xaladan...

Sən fikrimdə canlıdan canlı, diridən dirisən... Gözümün önündə elə həmişəkitəksən – üzün gülür, dodaqlarında təbəssüm, ətrafında süd kimi ağappaq aura.. və... və... gözündə kədər.. danışdıqca dodaqların gülümsəyir, gözlərin dolur. Emosionalsan... dediklərini jestlərinlə, mimikalarınla da ifadə edirsən... və əllərin – balaca, toppuş əllərin dediyin sözə qüvvət kimi hərəkətdə olur, arada da gözünün yaşını silirsən.. Tez-tez.. tez-tez  dolub boşalırsan... ən çox da mamandan danışanda...

O qədər həssassan ki Mehriban.. Vicdan səninçün hər şeydən ötə, hər şeydən üstün bir meyar.. Uşaqlığın hansısa xatirəsini danışırsan, detallarla, ən xırda incəliklərinə qədər danışırsan.. Danışırsan ki, necə olubsa bir dəfə - hələ məktəbdə oxuyanda nəyisə mamandan gizlətmisən.. mama da bilib.. xətrinə dəyib.. Sonra – üstündən uzun illər keçəndən sonra eyni hadisəylə özün rastlaşmısan. Tam eyni situasiya.. Bu dəfə sənə qarşı. Deyirsən ki, eynən mamanın yaşadığı duyğunu özün hiss eləmisən. Və tək hiss eləmək yox. Həm də deyirsən ki, məhz həmin anda bu hadisənin niyə, nə səbəbə baş verdiyini də anlamısan. Bilmisən ki, o zaman mamanın çəkdiyi əziyyətin əvəzidi ödədiyin..  Sən həmişə deyirsən.. Həmişə deyirsən ki, dünyada səbəbsiz heç nə olmur. Sənin yaşam prinsiplərindən biri karmaya inama əsaslanır. İnanırsan ki, hər şey qayıdır, ötürülən enerji mütləq əvəzlənir.. Doğruydumu inandığın? Doğruydusa bəs bunu – bu qəfil, bivaxt, hər kəsi dəli edən hadisəni nəylə izah edərdin görəsən? Bu vaxtslz gedişin nəyin əvəziydi səncə? Nəyə görəydi?.. Kim bilir...

Mənsə bildiklərimi – səndən eşitdiyim bir hadisəni yada salmaq istəyirəm. Nərimanovda yaşadığınız vaxtardı.. Kişik xruşşovkada yaşayırsız. Kirayədəsiz deyəsən. Şəbişlə Mehişin 3-4 yaşları var. Qızları evdə oyanan qoyub mağazaya düşürsən. Qayıdanda... O zaman bir az qıtlıq vaxtıydı.. Hamımız ərzağı çox alırdıq, ehtiyat yığırdıq. Evdə də 10 kiloluq qazanın unla doluymuş. Sən mağazadan dönənə kimi qoçağım qızlar qazanı açar, bir-birini unla “atəşə tutar”... Qapını açanda görürsən ki, darısqal otaq, mətbəx, dəhliz – hər yer undu.. Qızların tək bir gözləri qaralır.. Xalça un içində, divan un içində... Evdə də su nə gəzir? Su saatla verilirdi axı o vaxtlar.. Deyirsən - bilmədin güləsən ya ağlayasan? Bilmədin haradan başlayıb harada bitirəsən? Qızların ununu çırpasan? Yoxsa hansınısa doğrudan çırpasan?... O hadisəni hər dəfə elə şirin danışırsan ki... O vəziyyəti hər yada salanda da elə ürəkdən gülürsən ki, gözlərin yaşarır.. Və yenə o vəziyyətə düşürsən – mənim sevdiyim vəziyyətə - eyni vaxta həm ağlayırsan, həm gülürsən... 



Wednesday, March 7, 2012

8 mart

‎8 martdan bir neche hefte evvelden bacimla mektebpullarimizi yigardiq, hevesle o vaxtlar en chox hediyye olunan keramik suvenir alardiq, bir de nergiz, ustune de kart duzeldib, karandashin butun renglerinden istifade eleyib plagiat "urek sozlerimizi" yazib mamaya vererdik. Ele sevinerdi ele bil dunyanin en gozel hediyyesini alib. O da bizi hediyye "mach eleyerdi. Darixmisham o hediyyesi uchun... Bu gun 8 mart hediyyeleri alirdim, nese chatmirdi......

Thursday, February 23, 2012

Kenyadakı Meymun

Kenyada ilk günümüzdür, uzun uçuşlardan sonra yorğunuq. Hoteldə yerləşib uzanmışıq. Birdən mama balkonda meymun gördü. Yataqdan hoppanıb durdu ki, "aaaa, meymun!" Tez aeroportda aldığı sendviçi çıxartdı, meymuna yedizdirmək istəyirdi. Mama nə qədər çalışdı, meymun gəlib onun əlindən yemədi, ancaq yerə qoyanda gəlib götürüb yeyirdi. Mama meymunla nə qədər danışdısa (!), meymundan onun yanına gəlməyi xahiş elədisə (özü də azərbaycanca!!!), meymun mamanın əlindən çörək götürmədi. Mama da hirslənib meymuna belə cəza verdi. Çörəyi qoydu şüşə qapıdan içəriyə, meymun da çörəyin çöldə olduğunu zənn edib onu nə qədər götürməyə çalışdısa alınmırdı... Mama da keflə kravatda uzanıb meymundan revanşın ləzzətli səhnəsini seyr edərək meymuna deyirdi "Yaxşı oldu indi sənə!" Mənsə təbii ki, bu səhnəni zpvqlə seyr edirdim....

Monday, February 20, 2012

İrandakı gülsatan

İranda olanda tıxacda maşında oturmuşuq. Bir oğlan da yolda gəzib gül satır. Mama pəncərəni salıb oğlanı çağırdı. Oğlan sevinə-sevinə gəldi ki, müştəri çıxıb. Mama dedi:
- O gülü yaxınlaşdır görüm.
Oğlan böyük buket qızılgülləri pəncərəyə yaxınlaşdırdı. Mama başını çıxarıb gülü dərin bir nəfəslə iylədi:
- Bəh bəh bəh! Hə, çox sağ ol, indi get.
Oğlan çaşdı qaldı.
Mamadan indini yaşamağı öyrənmişəm. Başqalarının nə düşünməsindən asılı olmayaraq istədiyini etməyi öyrənmişəm. Hər xırda şeydən zövq almağı öyrənmişəm. Mamadan yaşamağı öyrənmişəm...

Toyota qızım

Mən hər dəfə çətinliyə düşəndə, ya nəsə problem çıxanda mama köməyə gəlirdi: çoxlu dəstək sözləri ilə, ruhlandırıcı məsləhətləri ilə. Həmişə də deyirdi "Şəbi, boşver eee, düzələcək, gör nəyi problem eləyirsən! Sən böyük insansan, belə xırda şeylərə ilişmə". O dəqiqə rahatlanırdım, özümü div kimi hiss eləyirdim. Elə çətinliyə düşən vaxtlarımın birində mamanın mənə yazdığı emaildən bir hissə: "Sen menim olmazlari olan etmede rekorlar qiran qizimsan! Bacaracaqsan!!!!! menim qizim Toyota kimi adam!!" Bu emaildən sonra mümkünsüzü etdim və istədiyimə çatdım. Məhz bu emaildən sonra... :) O mənə inanırdı deyə mən də özümə inanırdım...

Uşaqlarınıza yalan deməyin....

Mama bizə həmişə bağışlamağı öyrədirdi. Başqalarını bağışlamağı və unutmağı... O həmişə deyirdi ki, ondan da daha vacib özünü bağışlamağı bacarmaqdır... Amma mən hələ də özümü bağışlaya bilmirəm... Çox çalışdım, alınmadı. Mən mama əməliyyata girməzdən qabaq onun yanında olmalıydım, amma mən orda olmadım. Anamın mənə ən çox ehtiyacı olduğu vaxtda, həyatının son günlərində yanında ola bilmədim...O əməliyyata girən gün mənim məzun günü törənim var idi, o istədi ki, mən məzun gününə qatılım, ona görə də əməliyyat tarixini mənə yalan dedi. Mən öyrənəndə ki, mama səhərisi gün əməliyyata girir, təcili biletimi dəyişib Türkiyəyə uçdum, amma o artıq əməliyyata girirdi. İstanbuldan Ankaraya gedirdim. Mamaya Türkiyədə olduğumu demədik ki, narahat olmasın... Bu yazını kimsə oxuyacaqsa onlara deyirəm - övladlarınıza heç vaxt yalan deməyin. Çünki sonra onlar ömür boyu əzab çəkə bilərlər... mənim kimi........