Wednesday, September 28, 2011

Anamın nəsihətləri

Anamın güclü yumor hissi olması ilə bərabər çox müdrik qadın idi. Həmişə mən, bacım və qardaşıma pozitiv düşünməyi öyrədirdi. İstənilən bir uğursuzluq olanda hirslənmirdi, həmişə başa salırdı ki, hər bir işdə bir xeyir var...

Mama ilə olan yazışmalarımızı oxuyuram... "xeyirlisi nedi, o olacaq, eminem. bilirem ki, Allah yaxshi olani qismet eleyir, ozu sizincun-bizimcun xeyirli olani qismete getirir! INshallah!:)" 10 fevral 2011... Canım mamoçkam....

Mama həmişə bizə başa salırdı ki, "arı olun!". Bir əhvalatı var idi. Deyirdi milçək də, arı da hər səhər evdən gözəl şeylər tapıb yemək üçün çıxırlar. Milçək gözəl şeylər axtarışında yolda iylənmiş zibil görür, tez gedir onun üstündə oturur. Amma arı isə yolda nə qədər zibilliyin yanından keçir, iylənmiş yerləri görür, aldanmır, uçur, uçur ən sonunda gözəl çiçəklərə çatır və onlardan nektar çəkir. Və mama başa salırdı ki, hər səhər duranda siz də arı kimi oyanın, gün boyu arı kimi yaşayın, çirkinliklərdən uzaq olun və onda ən gözəl ballar da sizin olacaq...

Mamanın ən çox işlətdiyi ifadələr

Mamanın atası tərəf ağdamlı idi. Onlardan keçmə ləhcəsi var idi. İllərlə jurnalist işləsə də, evdə bu ləhcəni hələ də saxlamışdı. Mən, bacım, ya qardaşım bir az kədərli olan kimi deyirdi "Anan saa qurvan, nolufdu?". Deyirdim "ay mama, kəntoş olma "saa" nədi? "sənə!!!", "qurvan" nədi? "qurban!!!"". O da deyirdi "yaxşı mənim şəhərtoş balam, indi maa de görüm nolufdu" :))

Optimist mamikim


Mama həyatı çox sevirdi. Yaşamaqdan zövq alırdı. Dondurmanı çox sevirdi. Biz uşaq olanda anam 50-60 dondurma alırdı, yarısını dayımoğluna verirdi, saat qoyurdular və yarışa başlayırdılar: kim ən çox dondurma yeyəcək. Təbii ki, həmişə mama qalib gəlirdi, mən və bacım da dondurmalara baxa-baxa qalırdıq.

Kulyokda nəsə alıb yeyəndən sonra mütləq onu şişirdib partladırdı, ətrafdakı adamlar da çönüb tərs-tərs ona baxırdılar. Deyirdim "ay mama, biabır olduuuq", deyirdi "Əşşşi, onlar luzerdi, sən kef elə!". Mən də guya ona hirsliymiş kimi tərs-tərs baxırdım... Amma əslində onunla fəxr edirdim... Belə anam olması ilə fəxr edirdim....

Garfieldim

Hər kəs anasını sevir. Hər ana da övladını sevir. Amma mən və anam bir-birimizi sadəcə sevmirdik, biz bir-birimizə tapırdıq. O mənim üçün ideal idi. O mənim ruhum idi.

Anamla mən çox gec tanış olduq. Biz böyüyənə qədər onun başı həmişə qarışıq olurdu. 7 gün qəzetində işləyirdi, ən gözəl məqalələrin müəllifi idi, ondan başqa rəhmətə gedən dayımın ailəsinə də o kömək edirdi. Həmişə dayımoğullarının dərslərinə kömək edərdi, mən də düşünərdim anam bizi sevmir.

Mən böyüdüm. Amerikada oxudum, qayıtdım və 2006-cı ildən sonra anamı kəşf etdim! Mən onu platonikcəsinə sevirdim. Mənim ən xırda uğuruma o qədər sevinib fəxr edirdi ki, özümü div sanırdım. Mən də onunla fəxr edirdim. Bilmirəm bunu ona demişdim ya yox... Və bilmirəm o indi hardadı... Cənnət varsa, anam mütləq oradadır, yoxdursa deməli indi yanımda oturub mənim bu yazdıqlarımı oxuyur və "Fatmagülün suçu nə" serialına baxanda olduğu kimi indi də ağlayır...

Anamla son 5 ildə ən yaxın dost olduq. Mənə "Çəpiş" deyərdi, mən də ona Garfield. Garfield kimi şirin olduğuna görə.... Bundan 3 ay əvvəl Türkiyədə ürək əməliyyatına girdi. Mənə xəbər verməmişdi, çünki həmin günün səhərisi mənim magistraturadan məzun günüm idi. İsveçdə idim. Anamın əməliyyata girəcəyini öyrənən kimi Türkiyəyə uçdum. Səhər mən İstanbula çatanda anam Ankarada əməliyyata girirdi. Anamın xəbəri olmadı mənim ora getdiyimdən... Əməliyyata narahat girməsin deyə demədik..... Kaş ki deyərdik.... Bəlkə onda ayılardı.......