Mən 2006-cı ildə Amerikaya gedəndə mama bir bloknota bütün dostlarıma yazı yazdırmışdı. İlk məktubu da özü yazmışdı.
"Mənə dünyanın ən böyük səadətini - Analığı ilkin daddıran ağıllı, gözəl qızım - Şəbişim. Sən mənə Tanrının ilk ən böyük mükafatı olmusan və gəlişinlə dünya boyda sevinclər yaşatmısan mənə - gözəlliyinlə, sağlamlığınla, ağlınla, tərbiyənlə, qayğınla, sevginlə, uğurlarınla...
Bu bizim ilk 10 aylıq ayrılığımız olsa da qəlbim tam rahatdır. Bilirəm ki, Tanrı həmişə başının üstündə, dualarım mələklərlə bərabər qoruğundadır! (Bunu hər zaman hiss edəcəksən!) Və internet, telefon həmişə aramızda olacaq. Elə bil ki, yanımızdasan.
10 ay nədi ki...
Amma həm də 10 ay bilirsən nədi? Bütün sonrakı xoşbəxt həyatınçün vasitə olacaq etap. Bu 10 ayda yığdığın imic sonra illərlə sənə divident gətirəcək. Hər vaxt, hər bir situasiyada hər zaman əmin ol ki, uğur, xeyir səninlədir (istisnasız olaraq). Sənin uğur hesab etmədiyin vəziyyətdə də əmin ol ki, uğur mütləq var... və bəlkə də ən xeyirlisi elə bu imiş.
Həmişə yadında saxla ki, Tanrı səni sevir və səni xoşbəxtlik üçün yaradıb. Bu sevginin hər yaşadığın anında görməyi, dəyərləndirməyi bacar və Tanrıya minnətdar ol.
Yadinda olsun ki, ən vacib şey - can sağlığındır. Ən yaxşı, ən xeyirli qidaları seç (qiymətindən asılı olmayaraq). İstirahətini, yuxunu, yüksək əhval-ruhiyyədə olmağı düzgün tənzimlə.
Sənin əxlaqi yüksəkliyinə əmin olduğum üçün və dərslərə diqqətli olacağına inandığım üçün çox yazmıram. O işlərdən ki, sonunda zövq alacaqsan, o işlər heç səni yormayacaq da, bil.
Həyata keçməsi mümkün olmayan ideya yoxdur. Ən uzağı bu ideya fantaziyadır - yəni həyata keçməsinə sadəcə illər gərəkdi. Səninsə məqsədin çox asan, çox uğurlu, çox tez həyata keçən proyektləri reallaşdırmaqdır ki, bunu da asan və ləzzətlə edəcəksən. Əminəm.
Və bir neçə məsləhətim
- Hər sabah oyananda Tanrıya bu gözəl gün üçün minnətdarlıq et və həmin gündən alacağın sevinclər üçün hazır olduğunu bildir. Hər axşam günün uğurları üçün minnətdarlıq et və sabaha dualar yolla.
-Bil ki, bütün arzular əl yetən, bütün məqsədlər reallaşandır. Sadəcə istə, ARZULA və İNAN! İNAN və hər istəyin nə qədər asan və tez həyata keçdiyinə təəccüblənəcəksən.
- Dünyanın əm gözəl, ən yaxşı, başqalarının əlçatmaz hesab etdiyi qiymətli şeyləri sənin olacağına inanaraq arzula və ürəkdən istə!
- Xırda, mənasız, boş fikirlər, həyəcanlar sənlik deyil. Qoy onlar kimin fikirlərində dolaşır onların olsun.
-Yalnız və istisnasız olaraq pozitiv düşün. Düşüncən nədirsə, sən də osan. Xeyirə danış. Mənfi sözü, yazını, fikiri başqaları deyəndə belə eşitməməyə çalış. Başqalarına aid uğursuzluqları da düşüncəndən uzaq tut. Və uğur, xoşbəxtlik, sevinc həmişə səninlədir.
- Daim və hər şeyə görə Tanrıya şükür et! (Çünki bütün uğurlarında Tanrının köməyi var.) Şükür duaları möcüzələr yaradır.
Və nəhayət bu dəftərdəki yazılar burdan apardığın paltarlar kimidir, xoşun gəlməyəni cır at. Hansılarısa sonacan saxla. Amma əsas odur ki, boş səhifələri burda lazımın olacaq yaxşı xatirələrlə doldur (ABŞ-dan alınan paltarlar kimi). Sənə uğurlar!!!
Özündən muğayat ol!
Səninçün Tanrıya daim duaçı olan və sevən Mama - MKo
07.08.06 04.30"