Saturday, November 5, 2011

Kəsildiyim imtahan

Universitetdə Fəlsəfə müəllimimiz var idi. Çox "krutoy", eyni zamanda tərs insan idi. Mənim Amerikaya qəbul olunduğumu biləndə zarafatla demişdi ki, "Səni imtahandan kəsəcəm, Amerikaya gedə bilməyəcəksən". Bir həftə sonra imtahanına girdim, heç hazırlaşmamışdım. İmtahan əsnasında müəllim bir qrup yoldaşımı imtahana idman paltarında gəldiyinə görə "2" yazıb qovdu.Mən bunun böyük ədalətsiz olduğunu düşünüb oğlanı müdafiə etməyə başladım. Bütün potokun qarşısında müəllimə qarşı çıxdığıma görə müəllim hirsləndi, vərəqimi aldı və dedi "Sənə də "2" yazıram, Amerikaya getməyəcəksən, payızda gələrsən"...

Otaqdan çıxdım, şok içində anama zəng etdim. Vəziyyəti başa saldım. İmtahandan kəsilsəydim, Amerikaya gedə bilməyəcəkdim... Anam heç gözləmədiyim halda "taksiyə minib gəlirəm" dedi. Mama heç vaxt belə etməzdi, həmişə çalışardı ki, öz problemimizi özümüz həll edək. Amma deyəsən bu dəfə iş çox ciddi idi.

Yarım saat sonra bütün qiymətlər yazıldı, tələbələr çıxıb getdi, otaqda bir neçə tələbə, müəllim və mən qalmışdım ki, mama içəri girdi:
- Müəllim, Şəbnəmi imtahandan kəsmisiz?
Uşaqları üçün dava edən valideynlərdən bezmiş müəllim cavab verdi:
- Bəli!
- Düz eləmisiz! Ona o da azdır. Şəbnəm evdə bir dəfə də olsun Fəlsəfə kitabının üzünü açmayıb. İmtahandan kəsin, payıza qalsın, ona dərs olsun.
Müəllim çaşmış, həm də ürəyindın xəbər verirlərmiş kimi mamaya dəstək verdi:
- Hələ sinifdə mənim başqa tələbələrə dediyim sözə də qarışır.
- Onda onu payızda da kəsin imtahandan!
Mən şok içində mamaya və müəllimə baxıram... Söhbət məndən gedir və anam məni müdafiə etmək əvəzinə daha da çox şikayətlənirdi. Axırı müəllim gülümsədi "Şəbnəm, sənə 5 yazıram, get, amma özünü yaxşı apar". Mən şokda zaçotkamı götürüb mama ilə otaqdan çıxdım.
-Mama, sən neynədin? Məni müdafiə eləmək əvəzinə lap pislədin ki...
Mama güldü:
- Mən gəlib müəllimə desəydim ki, "ay müəllim, qızımı niyə imtahandan kəsirsən?", deyəcəkdi ki, "yaxşı eləyirəm", mən sənin tərəfini saxladıqca o lap hirslənəcəkdi. Amma indi onunla həmfikir olduğumu göstərdim və işlər düzəldi. İnsanların qəlbinə yol çox sadədir. Sadəcə lazım olan vaxtlarda onlarla razılaş....

Arxadan müəllim məni çağırdı; "Bu mənim telefon nömrəmdir, Amerikadan qayıdandan sonra nə problem çıxsa zəng elə, həll elətdirim"....

No comments:

Post a Comment