O qədər həssassan ki Mehriban.. Vicdan səninçün hər şeydən ötə, hər şeydən üstün bir meyar.. Uşaqlığın hansısa xatirəsini danışırsan, detallarla, ən xırda incəliklərinə qədər danışırsan.. Danışırsan ki, necə olubsa bir dəfə - hələ məktəbdə oxuyanda nəyisə mamandan gizlətmisən.. mama da bilib.. xətrinə dəyib.. Sonra – üstündən uzun illər keçəndən sonra eyni hadisəylə özün rastlaşmısan. Tam eyni situasiya.. Bu dəfə sənə qarşı. Deyirsən ki, eynən mamanın yaşadığı duyğunu özün hiss eləmisən. Və tək hiss eləmək yox. Həm də deyirsən ki, məhz həmin anda bu hadisənin niyə, nə səbəbə baş verdiyini də anlamısan. Bilmisən ki, o zaman mamanın çəkdiyi əziyyətin əvəzidi ödədiyin.. Sən həmişə deyirsən.. Həmişə deyirsən ki, dünyada səbəbsiz heç nə olmur. Sənin yaşam prinsiplərindən biri karmaya inama əsaslanır. İnanırsan ki, hər şey qayıdır, ötürülən enerji mütləq əvəzlənir.. Doğruydumu inandığın? Doğruydusa bəs bunu – bu qəfil, bivaxt, hər kəsi dəli edən hadisəni nəylə izah edərdin görəsən? Bu vaxtslz gedişin nəyin əvəziydi səncə? Nəyə görəydi?.. Kim bilir...
Mənsə bildiklərimi – səndən eşitdiyim bir hadisəni yada salmaq istəyirəm. Nərimanovda yaşadığınız vaxtardı.. Kişik xruşşovkada yaşayırsız. Kirayədəsiz deyəsən. Şəbişlə Mehişin 3-4 yaşları var. Qızları evdə oyanan qoyub mağazaya düşürsən. Qayıdanda... O zaman bir az qıtlıq vaxtıydı.. Hamımız ərzağı çox alırdıq, ehtiyat yığırdıq. Evdə də 10 kiloluq qazanın unla doluymuş. Sən mağazadan dönənə kimi qoçağım qızlar qazanı açar, bir-birini unla “atəşə tutar”... Qapını açanda görürsən ki, darısqal otaq, mətbəx, dəhliz – hər yer undu.. Qızların tək bir gözləri qaralır.. Xalça un içində, divan un içində... Evdə də su nə gəzir? Su saatla verilirdi axı o vaxtlar.. Deyirsən - bilmədin güləsən ya ağlayasan? Bilmədin haradan başlayıb harada bitirəsən? Qızların ununu çırpasan? Yoxsa hansınısa doğrudan çırpasan?... O hadisəni hər dəfə elə şirin danışırsan ki... O vəziyyəti hər yada salanda da elə ürəkdən gülürsən ki, gözlərin yaşarır.. Və yenə o vəziyyətə düşürsən – mənim sevdiyim vəziyyətə - eyni vaxta həm ağlayırsan, həm gülürsən...


No comments:
Post a Comment