Bəzi sinif yoldaşlarımın valideynləri uşaqlarına dərs oxumağı məcbur edirdilər, pis qiymət alanda bəzən cəzalandırırdılar, hətta döyürdülər. Amma mənim anam heç vaxt belə etməyib. Yadımdadır, TQDK qəbul imtahanına bir ay qalmışdı. Mən oxumaqdan o qədər yoruldum və bezdim ki, hirslənib kitabları tullayıb mamanın yanına getdim. Dedim: "Mama, uje bezdim, daha oxumayacam! Mən də insanam! Nə qədər oxumaq olar?! Bezdim mənasız tarixlər əzbərləməkdən! Mənim ömrüm gör nəyə sərf olunur!" O mənə qulaq asdı və heç gözləmədiyim cavabı verdi: "Düzdür, oxuma! Bəsdi daha, nə qədər oxumusan, daha bəsdi". Mən çaşdım:- Necə yəni, mama?
- Düz deyirsən, daha istirahət elə. İmtahanda da neçə bal yığarsan, yığarsan.
- Mama, xəbərin var nə deyirsən? Bu universitetə qəbul imtahanıdır e!
- Olsun da. Çox böyük şey olub!
- Yox, mama, mənim həyatım həll olunur. Bir ay oxumaqla ölməyəcəm ki. Amma oxumasam ömür boyu peşman olacam.
- Əşşi, boş şeydi!
- Yox, ay mama, nə boş şey?! Nə danışırsan?! Mən getdim dərs oxumağa. Məni narahat eləməyin!
Döndüm otağıma getməyə. Söhbətimizi düşündüm. Çaşdım. Çöndüm mamaya baxdım. Gülümsəyirdi. Yəqin mənimlə fəxr edirdi. Mən də gülümsədim. Çünki onunla fəxr edirdim. O mənə doğru yolu sadəcə məni anlamağı ilə göstərmişdi....
O bir ayı daha da həvəslə oxudum... BDU-ya qəbul oldum...
No comments:
Post a Comment